Uçot subyektlərində mühasibatlığın təşkili

posted in: Xəbər | 0

Yüksək məhsuldarlıq və rəqabət qabiliyyətinin artımı ilə yanaşı, müəssisələr oturuşmuş uçota və öhdəliklərin dəqiq hesablanmasına çalışırlar. Mühasibat uçotunun təşkili düzgün olduqda vergi yoxlamaları idarəedici personalın diqqətini əsas fəaliyyətdən yayındırmır, habelə cərimələr şəklində əlavə pul itkisi olmur.

Bu məqsədlə fəaliyyətin ilk anından uçot subyektləri təşkilati strukturlarında mühasibatlığın təşkilini ön plana çəkməlidirlər. Bu məqaləmiz uçot məlumatları istifadəçilərinin, o cümlədən vergi və digər nəzarət orqanlarının vaxtında hesabatlarla təmin edilməsi, habelə vergilərin düzgün ödənilməsi üçün müəssisədə mühasibat uçotunun təşkilati strukturunun necə olmasına həsr olunub.

Mühasibatlıq hansı vəzifələri yerinə yetirir?

Uçot subyektlərində mühasibatlıq təkcə vergilərin hesablanması və hesabatların tərtibi ilə məşğul olmur. Düzdür, bunlar mütəxəssislərin effektivliyini qiymətləndirmək üçün əsas meyardır, amma mühasibat uçotunun təşkili bir çox elə məsələləri həll edir ki, onlarsız vergiləri hesablamaq, vergi idarəsinə hesabat hazırlamaq mümkün deyil.

Mühasibatlığın təşkili uçot subyektlərində aşağıdakıların həllində kömək edir:

Mühasibat xidmətləri
  • təsərrüfat fəaliyyəti haqqında məlumatların toplanması, sistemə salınması, habelə əmlak vəziyyətinin müəyyən edilməsi;
  • mühasibat uçotu registrlərinin, mühasibat kitablarının aparılması, həm daxili, həm də xarici istifadəçilər üçün vergi və maliyyə hesabatlarının hazırlanması;
  • mühasibat və vergi uçotu üçün istifadə olunan ilkin sənədlərin tərtib edilməsi və yoxlanılması;
  • keçmiş vergi dövrləri üzrə sənədlərin qanunvericiliyə uyğun olaraq saxlanmasının təmin edilməsi;
  • vergilərin vaxtında ödənilməsi və Dövlət Vergi Xidməti orqanlarına hesabatların təqdim edilməsi;
  • digərləri.

Mühasibatlığın vəzifələrinin tərkibi uçot subyektinin  fəaliyyətinin xarakterindən və aid olduğu sahənin xüsusiyyətindən asılıdır.

Mühasibat uçotunun təşkili variantları

Mühasibat uçotunun təşkili qaydaları “Mühasibat uçotu haqqında” AR Qanunu  ilə tənzimlənir. Qanunun 3.1 bəndinə görə bütün uçot subyektləri bu qanunla müəyyən edilmiş uçot standartlarına və qaydalarına əməl etməlidirlər. Mühasibatlığın təşkili haqqında qanunda tənzimləyici tələblər yaxud universal mühasibat strukturları yoxdur. Qanunun 3.2 bəndinə görə xidmətin necə təşkil ediləcəyinə mühasibat uçotu subyektinin rəhbəri qərar verir.

Qanunla dəstəklənən və ən geniş yayılmış üç variant mövcuddur:

Direktor həm də mühasibdir:

Bu variantdan mikrosahibkarlıq subyektləri  və fərdi sahibkarlar istifadə edir. Bu halda menecer mühasib funksiyasını icra edə bilər. Əgər avtomatlaşdırılmış xidmətlərlə işləsəniz – məsələn, “Hesabat” – mühasibat və vergi uçotu minimum vaxt aparacaq.

Ancaq mühasibatlığın təşkilininin bu formasında təcrübəsizlik səbəbindən səhv riskini də nəzərə almaq lazımdır. Mühasibat uçotunda praktik təcrübə ilə öyrəniləsi bir çox nüanslar var. Başlanğıcda maliyyə sanksiyaları, vergi orqanlarının ciddi diqqəti və yoxlamaları mümkündür.

Autsorsinq

Müəssisə böyüdükcə mühasibat və vergi uçotu getdikcə daha çox vaxt aparır. Menecerin hesabatları təqdim etməyə vaxtı yoxdur, əməliyyat tapşırıqları və strateji planlaşdırma üçün kifayət qədər vaxt qalmır. Mühasibat uçotunun təşkilinin yeni formasını tapmaq, səlahiyyətləri verilmək haqqında ilk fikirlər ortaya çıxır.

Belə olduqda tam ştatlı mühasibatlıq yaxud uçotu 1-2 mütəxəssisə verərək xərcləri kəskin artırmamaq üçün autsorsinqə müraciət edilir. Bu:

  • məlumatları toplamaq;
  • vergiləri hesablamaq;
  • hesabatlar hazırlamaq üçün üçüncü tərəfə tapşırıqların verilməsidir.

Menecer mühasibat uçotunun təşkilinə, strukturun və proseslərin qurulmasına vaxt itirmir – autsorsing təşkilatları hazır həllər ilə gəlir.

Ştatlı mühasibatlıq

Mühasibatlığın təşkili üçün mütəxəssislər rəsmi olaraq işə götürülür. Autsorsinqdən fərqli olaraq, mühasibləriniz öz işlərinə daha çox can atırlar və vacib məlumatların sızması riski azalır. Ən əsası isə təcili məsələlərin həllində, məsələn Dövlət Vergi Xidmətinin sorğuları, operativlikdir.

Tam ştatlı mühasibatlığın təşkilinin mənfi cəhəti artan xərclərdir. Əməkdaşların əməkhaqları autsorsinq xidmətlərinin qiymətindən yüksəkdir, həmçinin iş yerlərinin təşkili, əməkhaqqına görə sığorta haqlarının ödənilməsi lazımdır.

Alternativlər arasında kombinə olunmuş autsorsinq də var. Məsuliyyətlərin bir hissəsi işçi heyətin üzərinə düşür, bəziləri isə kənar icraçılara, məsələn, şirkət autsorsinq əsasında işləyən baş mühasib işə götürür.

Mühasibatlığın təşkili formaları

Ştatlı mühasibat xidmətini seçsəniz, mühasibatlığın strukturu əvvəlcədən planlaşdırın. Sistemin səmərəli işləməsi və öhdəliklərin vaxtında yerinə yetirilməsi üçün şöbələri təşkil edin. Mütəxəssislərin səmərəli fəaliyyətinə, səhvlərin mövcudluğuna, uçot subyektinə tətbiq edilən cərimələrə mühasibat şöbəsinin strukturu birbaşa təsir edir.

Təsərrüfat fəaliyyətinin həcmindən asılı olaraq mühasibatlığın təşkilinin üç standart sxemini fərqləndirə bilərik. Müəssisənin xüsusiyyətlərindən və aid olduğu sektordan asılı olaraq bu sxemlər uyğunlaşdırıla bilər.

Mühasibatlığın strukturunun xətti təşkili: baş mühasib prosesləri birbaşa idarə edir, hesablamaların və hesabatların düzgünlüyünü yoxlayır, məlumatları rəhbərliyə ötürür.

Mühasibatlığın təşkilinin ştab (qərargah) forması (xətti-funksional): adətən orta sahibkarlıq subyektlərində tətbiq olunur. Müəssisə baş mühasibi işə götürür yaxud kənardan cəlb edir, mühasibatlıq onun rəhbərliyi altında şöbələrə bölünür, məsələn əməkhaqqı, material, pul vəsaitləri, vergilər və sair.

Hər şöbəyə baş mühasiblə əməkdaşları əlaqələndirən böyük mühasib təyin olunur. Baş mühasib tapşırıqları rəhbər işçilərə həvalə edir – onlar da işi şöbə üzrə bölüşdürürlər ki, hər şey vaxtında görülsün.

Funksional forma – iri şirkətlər yaxud şirkətlər qrupu üçün uyğundur. Funksional struktur daxilində strukturun xətti və ya ştab formasından istifadə edilir.

Mühasibatlığın təşkili formaları ilə buradan daha geniş tanış ola bilərsiniz. Əgər mühasibat uçotunun təşkili sizə çətinlik yaradırsa, bizim xidmətlərə müraciət edin. Mütəxəssislərimiz  şirkətin xərclərini azaltmaqla yanaşı, həm də sizə əməliyyat tapşırıqları üçün vaxt qazandıracaq.

Daşınmaz əmlakın təqdim edilməsi: sadələşdirilmiş vergi dərəcəsi