Qudvil və onun qeyri-maddi aktiv kimi uçotu

posted in: Xəbər | 0
birbank biznes

Müxtəlif müəssisələrin, şirkətlərin sahibləri, rəhbərləri bazarda rəqabətə davamlılıqdan ötrü brendin işgüzar şöhrətinə mühüm diqqət yetirməlidirlər. Bu prosesdə qudvil əhəmiyyətli rol oynayır. Gəlin aydınlaşdıraq: mühasibat uçotu baxımından qudvill anlayışı nəyi ifadə edir? Onun hansı növləri var? Onlar nə ilə fərqlənir? Qeyri-maddi aktiv kimi necə uçota alınır?

Qudvil nədir?

Müəssisənin alışı zamanı əmələ gələn qudvil, onun işgüzar nüfuzunun dəyər ifadəsidir. O, müəssisənin satış (bazar) qiyməti ilə faktiki uçot (balans) dəyəri arasında fərqdir. Faktiki uçot dəyəri müəssisənin xalis aktivləri yaxud kapitalıdır, belə təyin olunur:

Faktiki uçot dəyəri = (Aktivlərin satışı+debitor borcların geri ödənişi) – (Öhdəliklər + Kreditor borcların ödənişi)

 Amma təcrübədə müəssisə bu dəyərdən fərqli qiymətə satılır. Bu fərq qudvil adlanır.

Qudvil – müəssisənin satılması (və ya qiymətləndirilməsi) zamanı onun aktivlərində yaranan elə dəyər artıqlığıdır ki, onunla müəssisənin həqiqi qiyməti artmış olur.

İngilis dilindən hərfi mənada “good will” – “yaxşı niyyət” anlamındadır, sözügedən kontekstdə iltifat, rəğbət, xeyirxahlıq mənasını verir.

Hesablamada istifadə edilən qudvil əmsalını müəyyən etmək çətin deyil. Bundan ötrü aşağıdakılar zəruridir:

  • əldə edilmiş müəssisənin bütün məcmu aktivləri, əgər onlar ayrıca satın alınmışsa, mövcud bazar qiymətində dəyərləndirilir;
  • xalis aktivlərin göstəriciləri müəyyən olunur;
  • iki dəyər müqayisə edilir.

Əldə olunan fərqi müsbət qudvil yaxud mənfi qudvil adlandırmaq olar. Əgər, o, digər qeyri-maddi aktivlər ilə müqayisə olunsa, onda bunu  eyniləşdirilməyən qeyri-maddi aktivlər kimi təsnifatlaşdırmaq qəbul edilib. Eyniləşdirilən qeyri-maddi aktivlərə gəldikdə, bu onunla xarakterizə olunur ki, onların müəyyən həyat dövrü olur.

Müsbət qudvil

Məlum olduğu kimi, qudvil şirkətdə onun özünə xas üstünlükləri (məsələn, brend ad, əlverişli yerləşmə, markanın tanınması, müəssisədən ayrı müəyyən edilə bilməyən digər göstəricilər) nəticəsində meydana çıxan əlavə dəyəri müəyyən edir.

Qəbul olunub ki, müsbət və mənfi qudvillər fərqləndirilsin. Birinci, eyniləşdirilən aktivlərin məcmu dəyəri zamanı, həmçinin satın alınan müəssisənin öhdəlikləri onun alış qiymətindən az olduqda ortaya çıxır.

Mənfi qudvil

Ola bilər ki, eyniləşdirilmiş aktivlərin ədalətli dəyərində alıcının payı, biznesin birləşməsi çərçivəsində əldə edilmiş şərti öhdəliklər, onun alınması dəyərindən artıq olsun. Mənfi qudvil – şirkətin müəyyən edilə bilən aktiv və öhdəliklərinin ümumi dəyəri onun satın alınma dəyərindən artıq olduqda, ortaya çıxır. Belə halla üzləşməmək üçün alıcı aşağıdakılara diqqət etməlidir:

  • müəyyənləşdirilmiş aktivlərin qiymətləndirilməsinə, yerləşdirilməsinə yanaşmalara;
  • şirkətin şərti öhdəliklərinə;
  • satın alınma qiymətini dəyərləndirməsinə.

Qudvil və işgüzar reputasiya

İşgüzar nüfuz qeyri-maddi mənfəət kimi başa düşülür ki, bu da fiziki, habelə hüquqi şəxsin fəaliyyətinin işgüzar keyfiyyətlər nöqteyi-nəzərindən qiymətləndirilməsidir. Müəssisənin mövcud qiyməti ilə onun bilavasitə mühasibat balansı üzrə qiyməti arasındakı fərqi də belə adlanır. İqtisadi anlayış kimi qudvildən mühasibat uçotunda şirkətin passivləri və aktivlərinin qiyməti nəzərə alınmadan, onun bazar qiymətinin əks olunması üçün istifadə olunur. Qudvilin əmsalını qeyri-maddi aktivlərə aid edirlər.

Qudvil olaraq, şirkətdən ayrılıqda müəyyənləşdirilməyən, rəqabət qabiliyyətli şirkətlərin və müəssisələrin orta gəlirləri ilə müqayisədə şirkətin mənfəətinin gələcək artımı barədə bir nəticə çıxarmağa imkan verən işgüzar nüfuz, brendin təmiz adı, sərfəli yerləşməsi, ticarət markasının tanınması və s. amillərin məcmusunu adlandırırlar.

Qudvilin qiymətləndirilməsi

38 saylı “Qeyri-maddi aktivlər” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartına (IAS38) görə faydalı istifadə müddəti müəyyən olunmayan QMA-a amortizasiya hesablanmır. Qudvil də bu cür qeyri-maddi aktiv olduğuna görə amortizasiya edilmir, lakin qiymətləndirmə aparmaqla dəyərinə əlavə, yaxud çıxılma edilir. Bu zaman uçot AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bu Qaydalara görə qeyri-maddi aktivlər Hesablar Planının 10-cu maddəsinə  uyğun olaraq uçota alınır. Qeyri-maddi aktivlərin dəyəri, daxilolma, çıxma üzrə əməliyyatlar həmin bölmənin 101 saylı hesabı üzrə aparılır.

Qudvilin qiymətləndirilməsi üzrə məbləğlər yuxarıda qeyd edilən qaydaların 11.15-ci bəndinə uyğun aşılmış 102-2-7 saylı “Qudvilin qiymətdəndüşmə zərəri” adlı subhesabda aparılır. 102-ci hesabda qeyri-maddi aktivlər üzrə qiymətdəndüşmə zərərlərinin uçotu və müxabirləşmə nümunələri ilə buradan tanış olmaq olar.

Qudvilin hesablanması

Qiymətləndirilmə zamanı onun iki növü fərqləndirilir:

  1. Əldə edilən qudvil
  2. Müəssisəyə məxsus qudvil

Birinci növ qudvil müəssisə fəaliyyətdə olan digər müəssisəni alanda yaranır. İkinci növ qudvil isə müəssisənin özünə məxsusdur və bu sahənin ekspertləri tərəfindən dəyərləndirilir.

Gəlin təsəvvür edək ki, müəssisənin paylarının hamısını alınmışdır. O zaman:

Qudvil = Ödənişin ədalətli dəyəri – Xalis aktivlərin alış tarixinə dəyəri

Yəni əslində siz müəssisəni onun xalis aktivlərinin dəyərində pul verib almalı idiniz, lakin siz müəssisənin brendinə görə daha çox pul verərək alırsınız.

Ödənişin ədalətli dəyəri dedikdə müəssisənin pulu ödəməyə razı olduğu müddətə pulun diskontlaşdırılmış dəyəri nəzərdə tutulur. Diskont əmsalı pulun zaman dəyərinə görə müəyyən edilir və aşağıdakı düsturla müəyyən edilir:

CD = GD / (1 + i)ⁿ
CD – Cari dəyər (ədalətli dəyər)
GD – Gələcək dəyər (Gələcəkdə ödənilməsi nəzərdə tutulan dəyər)
i – faiz dərəcəsi
n – müddət (ödənişin ediləcəyi müddət)

Müəsisə digər bir müəssisənin xalis aktivlərinin müəyyən hissəsinə sahib olmaq istədiyi zaman, onun qeyri-maddi aktivləri haqqında məlumatlara da malik olmaq istəyir. Bu zaman qudvil aşağıdakı kimi hesablanacaq:

Qudvil = Ödənişin ədalətli dəyəri – Xalis aktivlərin alış tarixinə dəyəri + Nəzarət edilməyən payın ədalətli dəyəri

101-ci hesabda qeyri-maddi aktivlər üzrə daxilolmanın uçotu

Print Friendly, PDF & Email