Yol vergisi dərəcələri və onların tətbiqi qaydası

posted in: Xəbər | 0

Vergi dərəcəsinin təyin edilmə prinsipləri

Yol vergisi dərəcələri Vergi Məcəlləsi ilə tənzimlənir (maddə 211). Hesablamalar vergi bazasına sabit dərəcələr əlavə edilməklə aparılır. Respublikaya daxil olan  yaxud çıxan xarici qeydiyyatlı avtomobillərə dərəcələr aşağıdakılar nəzərə alınmaqla müəyyən olunur:

  • avtomobilin növü, mühərrikin həcmi, respublikada qalma müddəti;
  • oturacaqların, oxun sayı, ümumi çəki;
  • respublika yollarında qət olunan məsafə;
  • yüklərin təhlükəsizlik dərəcəsi;
  • digərləri.

Benzin, dizel, maye qazın litrinin:

  • respublika daxili istehsal uçün – topdansatış qiymətinə;
  • idxal zamanı – gömrük dəyərinə 0.02 AZN əlavə olunur.

Hər iki halda qiymətlərdə aksiz vergisi, ƏDV nəzərə alınır. Gömrük dəyəri topdansatış bazar qiymətindən az olmamalıdır.

Avtomobillərə tətbiq olunan vergi dərəcələri

Avtomobillərə yol vergisi hesablanarkən tətbiq olunan dərəcələr aşağıdakı nümunələr əsasında izah olunub.

Minik avtonəqliyyat vasitələrinə görə - mühərrikin həcmi, AR-da olduğu müddətə əsasən. VM maddə 211.1.1.1.

Nümunə-1:  İran qeydiyyatlı, 1800 kub sm həcm mühərrikə sahib minik avtomobilinin sahibi 7 sentyabrda ölkəmizə gəlmiş, 29 sentyabrda çıxmışdı. AR gömrüyündən keçərkən ondan gömrük işçiləri 15 ABŞ dolları yol vergisi tutaraq dövlət büdcəsinə ödəyir.

Nümunə-2:  3000 kub sm həcm mühərrikli minik avtomobilinin sahibi Rusiya vətəndaşı AR ərazisinə keçərkən bir il 4 gün qalacağını bəyan edib. Ona hesablanacaq yol vergisini tapaq.

 – ölkədə qalınacaq bir il üçün 80, bir ildən çox hər günə 0.6 ABŞ dolları ödənməlidir.

Beləliklə:

Vergisi = 80+4*0,6= 82.4 ABŞ dolları

Hesablanmış məbləğ ölkənin gömrük sərhədlərini keçdikdə gömrükçülər tərəfindən tutulur, dövlət büdcəsinə bir bank günü ərzində köçürülür.

Avtobuslar - oturacaq yerləri və respublikada qalma müddəti nəzərə alınır VM, maddə 211.1.1.2

Nümunə-3 :  Türkiyə Respublikasında qeydiyyatda olan 39 oturacaq yerli avtobus AR-da 75 gün qalıb. Bu avtobusa görə tutulmalı olan yol vergisi 500 ABŞ dolları təşkil edir.

Nümunə-4 :  Türkiyə qeydiyyatlı, 3 oxa malik yük maşını AR ərazisində 7 gün qalmışdır. Yük maşını üçün 40 ABŞ dolları yol vergisini ölkəmizin gömrük sərhədlərini keçdikdə gömrükçülər tutaraq, dövlət büdcəsinə bir bank günü ərzində köçürürlər.

Nümunə-5:  Üç oxlu, İran qeydiyyatlı yük maşını AR ərazisinə keçdikdə bir il 55 gün qalacağını bəyan etmişdir. Yol vergisini tapaq:

1400 (bir ilə görə) + 15*55 (55 gün)  = 2225 ABŞ dolları.

Beləliklə, İran qeydiyyatlı maşının sahibi, ölkə ərazisinə daxil olduqda gömrükçülər həmin məbləğu tutur, dövlət büdcəsinə bir bank günü ərzində köçürür.

Yüklər ağır çəkili avtomobillərdə daşınarkən respublika ərazisində gedilmiş hər kilometr yola VM-nin 211.2 maddəsinə uyğun əlavələr edilir.

Nümunə-6: Ukrayna dövlətinə məxsus yük avtomobili Azərbaycan Respublikasına daxil olub. Ümumi çəkisi 56 ton, 3 oxlu avtomobil ölkə ərazisində 19 gün ərzində 400 km məsafə qət etmişdir. Həmin avtomobilə ödəniləcək yol vergisini müəyyən edək:

– VM-nin 211.1.1.3-cü maddəsinə əsasən – 140 ABŞ dolları;

– 211.2-ci maddəsinə əsasən artırılan məbləğ nəzərə alınmaqla 400 km × 0,45 $ = 180 ABŞ dolları;

– cəmi vergi  140 + 180 = 320 ABŞ dolları.

Təhlükəli sayılan yükün daşınması zamanı VM-nin 211.1.1.3-cü maddəsinə uyğun hesablanan vergi məbləğinə maddə 211.3-də qeyd edilən məbləğ əlavə olunur.

Nümunə-7. Gürcüstan dövlətinə məxsus 5 oxa malik yük avtomobilinin, xüsusi təhlükəli yükü nəzərə almaqla ümumi çəkisi 53 tondur.  Azərbaycanın gömrük sərhədlərini keçən bu avtomobil ölkə ərazisində 5 gün qalıb və 100 km qət etmişdir. Həmin avtomobilin yol vergisini hesablayaq:

– VM-nin 211.1.1.3-cü maddəsinə uyğun – 80 ABŞ dolları;

– 211.2-ci maddəsinə əsasən artırılan məbləğ nəzərə alınmaqla 100 km × 0.45 $ = 45 ABŞ dolları;

– 211.3-cü maddəsinə əsasən əlavə 320 ABŞ dolları;

– cəmi vergi 80 + 45 + 320 = 445 ABŞ dolları.

Ölkə ərazisində bəyan edilən müddətdən çox qaldıqda yol vergisinin hesablanması

Ölkə ərazisində bəyan edilən müddətdən daha çox olan yol vergisi ödəyicisinin ölkəni tərk edərkən ödəyəcəyi məbləğ aşağıdakı ardıcıllıqla hesablanır (maddə 211.1.1.4.):

  • daxil olma zamanı ödənməli vergi qanunvericiliyə uyğun müəyyən edilir;
  • faktiki ödənmiş yol vergisi hesablanmış məbləğdən çıxılır.

Nümunə-8: Türkiyə firmasına məxsus mühərrikin həcmi 3.000 kub sm həcmli mühərrikə sahib minik maşını, 35 oturacaq yerli avtobus və 4 oxlu yük avtomobili AR-na daxil olarkən onların respublika əraisində bir il qalacağı bəyan edilmişdir. Lakin həmin avtomobillər AR ərazisindən çıxarkən müəyyən edilmişdir ki, onların ölkəmizin ərazisində qalma müddəti bir il 20 gün olmuşdur. Həmin avtomobillərə ödənməli olan yol vergisini hesablayaq:

Türkiyə firmasının bəyan etdiyi AR ərazisində qalınacaq bir ilə görə mühərrikin həcmi 3000 kub santimetrədək olan minik avtomobilinə 80, 35 yerlik avtobus üçün 1750,  4 oxlu yük avtomobil üçün 2800 ABŞ dolları olmaqla, cəmi 80 + 1750 + 2800 = 4630 ABŞ dolları məbləğində yol vergisini AR-na keçərkəm ödəmişdir.

Ölkəmizdə faktiki qaldığı müddətə (bir il 20 gün) görə hesablamaları aparaq:

  1. Mühərrikinin həcmi 3000 kub santimetrədək olan minik avtomobilinə görə, VM 211.1.1.1-ci maddəsində verilmiş cədvələ əsasən – 80 + 20*0,6 = 92 ABŞ dolları;
  2. 35 oturacaq yerli avtobus üçün məcəllənin 211.1.1.2-ci maddəsində verilmiş cədvələ əsasən 1750 + 20*20 = 2150 ABŞdolları;
  3. 4 oxlu yük avtomobilə görə VM-nin 211.1.1.3-cü maddəsində verilmiş cədvələ əsasən 2800 + 20*30 = 3400 ABŞdolları

                             Cəmi: 5642 ABŞ dolları

Ödənilməli olan yol vergisi:  5642 – 4630 = 1012 ABŞ dolları.

Neft məhsullarına tətbiq olunan yol vergisinin dərəcəsi

Nümunə-9:  Tutaq ki, “B” MMC benzinin istehsalı fəaliyyətini göstərir. Müəssisə hər litirinin topdan satış qiyməti (ƏDV və aksiz daxildir) 0.70 azn olan benzinin bu qiymətinə 0.02 manat yol vergisi əlavə etməklə onun hər litirini 0.72 manatdan satacaqdır.

Nümunə-10:  Vergi ödəyicisi hesabat dövrü ərzində Aİ-92 markalı 5500 litr həcmində istehsal etdiyi avtomobil benzinini respublika ərazisində topdan satmışdır. Yol vergisi aşağıdakı kimi hesablanacaqdır:

                                               5500 × 0,02 = 110 azn

Nümunə-11: Müəssisə hər litrinin şirkətdaxili qiyməti (ƏDV-siz və aksizsiz) 0,29 manat olmaqla Aİ-92 benzini istehsal edir. Yol vergisini hesablayaq. İlkin olarq benzinin hər litrinin topdansatış qiymətini (ƏDV və aksiz daxil olmaqla) müəyyən etməliyik.

Əvvəlcə, aksizin məbləğini müəyyən edirik – 0,29 × 92% = 0,27azn. Burada 92% Aİ-92 benzinə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş aksizin dərəcəsidir.

Sonra ƏDV-ni hesablayırıq – (0,29 + 0,27) × 18% = 0,1 manat.

Nəhayət, Aİ-92 benzini hər litrin topdansatış qiymətinin 0,66 (0,29 manat şirkət daxili qiyməti + 0,27 man. aksiz vergisi + 0,1 manat ƏDV) manat olduğunu müəyyən etdikdən sonra, həmin qiymətin üzərinə 0,02 manat əlavə etməklə yol vergisini hesablamış oluruq. Beləliklə, məhsulun hər litrinin topdansatış qiyməti ƏDV, aksiz və yol vergisi daxil olmaqla) 0,68 man. təşkil etdi.


Print Friendly, PDF & Email