Mühasibat uçotu, onun təyinatı və məcburiliyi

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat uçotunun hüquqi əsasları

Mühasibat uçotu spesifik məlumatların davamlı və sistemli şəkildə toplanması, qeydə alınması və şərh edilməsi prosesidir. Mühasibatı hərtərəfli təhlil etsək, görərik ki, söhbət müəssisələrədə (o cümlədən, fərdi sahibkarlıq subyektlərində) təsərrüfat əməliyyatları, habelə maliyyə şərtləri ilə ifadə olunan öhdəliklərlə bağlı məlumatlarla işləməyə imkan verən sitemdən gedir. Sistem daxilində məlumatların sənədli qeydiyyatı fəaliyyətin fasiləsizliyi prinsipi əsasında yeni müəssisənin qeydiyyta alındığı andan onun tam ləğv edilməsinə qədər davam edir.

Respublikamızda mühasibat uçotunun aparılması qaydaları qaydaları 29 iyun 2004-cü il tarixli 716-IIQ saylı “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Mühasibatın təyinatı

Müəssisələrdə uçot nə üçün aparılmalıdır? Bu sualın cavabın yuxarıda qeyd edilən Qanunun “Əsas anlayışlar” bölməsində tapmaq olar: “ Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır.” (maddə 2.1.6).

Bir az xırdalasaq, mühasibat uçotu vergi ödəyicilərinin fəaliyyətinin dinamikası və əmlak vəziyyəti haqqında məlumatların tam təsəvvürünü yaratmağa imkan verir. Bu məlumatlar sadəcə təsərrüfat fəaliyyəti faktlarının qeydiyyatı və vergi hesabatları üçün deyil, həm də rəhbər və menecerlər üçün önəmlidir: onların köməyi ilə gələcək üçün proqnozlar vermək mümkündür.

Mühasibat uçotunun obyektləri

Aşağıdakılar mühasibat uçotunun obyektləridir:

  • pul və natural ifadədə icarəyə götürülmüş, bağışlanılan, əvəzsiz verilən və s. sərvətlər də daxil olmaqla istifadədə olan və olmayan əmlak;
  • istehsalat ehtiyatları və məsrəfləri, hazır məhsullar;
  • qeyri-maddi aktivlər;
  • pul vəsaitləri, qiymətli kağızlar, hüquqi və fiziki şəxslərlə hesablaşmalar, investisiya qoyuluşları;
  • gəlir və xərclər , mənfəət və zərərlər, mənfəətin istifadəsi, zərərlərin ödənilməsi;
  • əsas vəsaitlərin, azqiymətli əşyaların, qeyri-maddi aktivlərin köhnəlməsi (amortizasiyası);
  • kreditlər və digər borclara görə öhdəliklər, maliyyə təxsisatları və onların istifadəsi;
  • nizamnamə fondu da daxil edilməklə müəssisələrin ehtiyatlarının və digər fondlarının yaradılması, istifadəsi və mühasibat uçotunun hesab planına uyğun digər obyektlər. 

Mühasibat uçotunun məcburiliyi

Uçotun ümumi qəbul edilmiş standartlar və qaydalar çərçivəsində aparılması zəruridir. Bunun ən vacib və əhəmiyyətli səbəbi – bu tələbin qanunla təsbit edilməsidir. Odur ki, sahibkar işləmək istəyirsə, öz fəaliyyətini qanunun tələblərinə uyğun aparmalıdır. Qanunvericilikdə mühasibat uçotu aparmamasına icazə verən heç bir müddəa yoxdur. Hüquqi və fiziki şəxslər  tərəfindən təsərrüfat fəaliyyəti həyata  keçirərkən uçotun aparılması məcburidir:  bu müddəa “Mühasibat uçotu haqqında” Qanunun 3-cü bölməsində təsbit olunub. Bu zaman tətbiq edilən uçot standartları və qaydaları qanunvericilik aktları ilə müəyyən edilir. Əgər:

  • mühasibat uçotu heç vaxt aparılmayıbsa;
  • təsərrüfat əməliyyatları düzgün qeydə alınmayıbsa, və;
  • hesabatlar tənzimləyici orqanlara təqdim edilməyibsə sahibkar məsuliyyətə cəlb olunacaq.

Elektron uçotun məcburiliyi

Mühasibat uçotunun inkişaf mərhələləri çox şaxəlidir. Müxtəlif dövrlərdə uçotun aparılması üçün müxtəlif vasitələrdən istifadə olunub: daş kitabələr, gil lövhələr, papiruslar, kağız daşıyıcılar və sair və ilaxır. Biz daha çox uçotun aparılması üçün kağız daşıyıcılardan istifadə edirik. Amma dövrün tələbi ilə ayaqlaşmaq lazımdır. “Mühasibat uçotu haqqında” Qanunun 3.1-1 maddəsi məcburi qaydada elektron formada aparan vergi ödəyicilərinin əhatəsini müəyyən edir.  Aşağıdakı qurumlarda mühasibat uçotu elektron formada aparılmalıdır:

  • iri sahibkarlıq subyektlərində;
  • orta sahibkarlıq subyektlrində – qanunvericiliklə müəyyən olunmuş keçid mərhələləri nəzərə alınmaqla;
  • hasilatın pay bölgüsü, əsas ixrac kəməri haqqında və sair bu kimi qanunlar çərçivəsində işləyən vergi ödəyicilərində;
  • AR Mərkəzi Bankı istisna olmaqla Qanunun 3.1-3.3 bəndlərinə uyğun gələn publik hüquqi şəxslərdə.

Mühasibat uçotu necə təşkil edilir?

Uçotun təşkilinə vergi ödəyicisinin rəhbəri məsuliyyət daşıyır.  Uçotun qurulması zamanı o, aşağıdakı variantdan istifadə edə bilər:

  • uyğun struktur bölməsi yaradır;
  • kənar şirkətin xidmətinə müraciət edir;
  • paralel olaraq hər ikisini tətbiq edir.

Yuxarıda qeyd edilən Qanunun 3.2 bəndinə əsasən mikro sahibkarlıq subyektlərində uçot müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş qaydalara uyğun aparıla bilər.

“Mühasibat uçotu haqqında” Qanunun 3.4 bəndi vergi ödəyicilərində mühasibatın təşkili zamanı başqa bir məcburiyyəti şərh edir. Belə ki, müəyyən kateqoriya müəssisələrdə baş mühasibin peşəkar mühasib sertifikatına malik olması zəruridir.

Gəlir vergisi üzrə maliyyə sanksiyaları və faizlər

Print Friendly, PDF & Email