Gəlir vergisinin büdcə gəlirlərinin formalaşmasında rolu

posted in: Xəbər | 0

büdcə gəlirlərinin formalaşmasıDövlətlərin bir çox məqsədləri reallaşdırmaq üçün vəsaitlərə ehtiyacı var. Dövlət strukturlarını qoruyub saxlamalıdır, maliyyələşdirməlidir, öz funksiyalarını reallaşdırmalıdır, həmçinin qarşısına qoyduğu məqsədləri yerinə yetirməlidir. Dövlətin vəsaitləri büdcə-maliyyə sahəsində toplanır. Qeyd olunan vəsaitləri formalaşdıran isə əsas olaraq vergilərdir.

Ayrı-ayrı vergilərin büdcə gəlirlərindəki payını, rolunu öyrənmək üçün onun ilk öncə proqnozlaşdırılması edilir, sonra isə real nəticələr üzrə statistikası nəzərdən keçirilir.

Gəlir vergisinin proqnozlaşdırılması

Vergini, o cümlədən gəlir vergisini proqnozlaşdırmağın əsas vəzifəsi odur ki, verilən vaxt ərzində yığılacaq vergilərin iqtisadi cəhətdən əsaslandırılmış miqdarı təyin olunmalıdır.

Dövlətin, özünüidarəetmə orqanlarının səviyyəsində bu tip proqnozlaşdırma orta və uzun zaman üçün əsasdır. Bunun nəticəsində bələdiyyə, ölkə üzrə sosial-iqtisadi inkişaf proqnozlaşdırılması hazırlanır. Gələn il ərzində əsaslandırılmış büdcə layihələri planlaşdırılır. Bu yolda lazımlı sosial, iqtisadi, siyasi qərarlar qəbul edilir.

Onu vurğulayaq ki, dövlət büdcəsi gəlirlərinin proqnozu perspektiv xarakterli tədqiqatdır, vergi daxilolmalarının həcminə təsir göstərən obyektiv, eləcə də subyektiv amillərin qabaqcadan nəzərə alınmasına əsaslanır. Proqnozlaşdırma zamanı real iqtisadi şəraitin, proseslərin nəzərə alınmasına baxmayaraq onun nəticələri ehtimallı, ilkin xarakter daşıyır. Vergi proqnozlaşdırmasının əsasında əsas makroiqtisadi göstəricilərin dəyişməsi dinamikasını müəyyənləşdirən ölkənin sosial iqtisadi inkişafının kompleks proqramı durur.

Bunu nəzərə alaraq vergi daxilolmalarının proqnozlaşdırılması yalnız vergi daxilolmalarının həcmini deyil, həm də onların vergitutma bazaları, tərkib elementlərini də əhatə etməlidir. Bu amillər vergilərin həcmini müəyyənləşdirən xalq təsərrüfatı sahələrinin istehsal həcmlərinin dinamikası, qiymətlər indeksi, əməyin ödəniş səviyyəsi, müəssisələrin tərkibinin kəmiyyət, keyfiyyət dəyişməsi və s. dir.

Proqnozlaşdırmanın gedişində vergi qanunvericiliyinə dəyişikliklər edilməsi zərurəti haqqında, planlaşdırılan dövrdə büdcənin vergi üsulları vasitəsilə tarazlaşdırılması imkanları tükəndiyi zaman dövlət xərclərinin ixtisar edilməsi barədə qərarlar qəbul edilir. Bununla əlaqədar olaraq büdcə layihəsini qanunverici orqana göndərməzdən əvvəl yaxud büdcə layihəsi ilə eyni vaxtda hökumət qüvvədə olan vergi qanunvericiliyinə dəyişikliklər, əlavələr edilməsi barədə qanun layihələrini qanunverici orqana göndərir.

Bundan başqa vergi proqnozlaşdırması prosesində vergi orqanlarının nəzarət işinin təkmilləşdirilməsi, ölkədə ümumi iqtisadi vəziyyətin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyəti üçün zəruri şəraitin yaradılması üzrə tədbirlər işlənib hazırlanır.

Gəlir vergisinin statistik göstəriciləri

Vergi daxilolmaları üzrə statistik məlumatların təhlili daha əvvəl verilmiş proqnozların dürüstlüyünü, buraxılmış səhvləri aşkar etməyə kömək olur. Statistik təhlillər ölkə iqsadiyyatına ümumilləşmiş baxmağa yardımçı olmaqla yanaşı, hər hansı hadisələrin büdcə daxilolmalarına təsirini təhlil etməyə imkan verir.

Məsələn pandemiya dövrünün ölkə iqtisadiyyatına təsiri barədə hər birimiz bilirik. Bütövlükdə 2020-ci ili əhatə edən 2021-ci ildə belə yalnız qismən səngimiş çətinliklər daxilolmalarda öz sözünü demişdir.

Vergi Məcəlləsinə koronavirus pandemiyasıyla bağlı əlavə edilmiş fəsildə bir sıra vergi güzəştləri nəzərdə tutulmuşdu. 2020-ci ildə gəlir vergisindən daxilolmaların da əhəmiyyətli dərəcədə aşağı düşməsi gözlənilən idi.

Həmin ildə gəlir vergisindən daxil olmalar 1151 milyon manat təşkil etdi. 2021-ci ildə vəziyyətin bir qədər yaxşılaşmasıyla həmin məbləğ 1194.6 milyon manata qalxa bildi.

Təcrübəyə əsasən deyə bilərik ki, hər il Vergi Məcəlləsində sadələşdirilmiş vergiylə bağlı tələblər sərtləşdikcə gəlir vergisindən daxilolmaların payı artmağa başlayır.

Ümumən gəlir vergisinin universallığı, sadə mahiyyəti onu həmişə aktual vergi olaraq saxlayacaqdır. Bununla belə gəlir vergisindən daxilolmalar daim sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaradaraq həyata keçirən şəxslərin yaratdıqları müəssisələrin mənfəət vergisindən azlıq təşkil etməkdədir.

Baxmayaraq ki, gəlir vergisi ödəyicilərinin gəlirin əldə edilməsinə görə fərqli formada vergiyə cəlb edilir. Habelə əhali sayı hüquqi şəxs sayından qat-qat çoxdur, bir şey həqiqət olaraq qalır: orta və iri həcmdə sahibkarlıq fəaliyyətlərindən daha çox vergi daxil olur, nəinki çox və az dərəcədə vergilənmədən.


Print Friendly, PDF & Email