Əməkhaqqıdan tutulmalar

posted in: Xəbər | 0
birbank biznes

İşəgötürən əmək müqaviləsi bağladığı işçilərə əməkhaqqı hesablamalı və operativ şəkildə ödəməlidir. Bu zaman onun digər öhdəlikləri də yaranır, məsələn, əməkhaqqıdan tutulmalar etməli və təyinatı üzrə ödəməlidir. Bu yazıda 2024-cü ildə işçilərin maaşından tutulmaların məbləği, növləri, məbləğləri barədə məlumat verəcəyik.

Əməkhaqqı nədir?

Öncə yarımbaşlıqda qoyulan suala qısa cavab verək. Əməkhaqqı (əməyin ödənişi) əməyə yaxud işdə iştiraka görə verilən haqdır, əmək müqabilində ödənilən təzminatıdır. Ödəniş edilərkən aşağıdakılar nəzərə alınır:

  • işçinin ixtisası;
  • işin mürəkkəbliyi;
  • yerinə yetirilən işin kəmiyyəti;
  • keyfiyyəti;
  • şərait və sair.

İşçinin aldığı haqq onun gəliri sayılır, ödənilən əməkhaqqıdan tutulmalar müvafiq qaydada həyata keçirilməlidir.

Əməkhaqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsində işçinin göstərdiyi xidmətlərə görə ödənilən haqq kimi müəyyən edilib, daha dəqiq desək:

AR VM 13.2.34: “Muzdlu iş – əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əməkhaqqı» adlandırılır.”

İşçiyə muzdlu işlə əlaqədar ödənilən əməkhaqqı, onun ödənilməsi formaları haqqında  “Əməkhaqqı nədir?” adlı məqalədən ətraflı oxumaq olar.

Tutulmaların rəsmiləşdirilməsi

2024-cü ildə də əməkhaqqıdan tutulmaların rəsmiləşdirilməsinə tələblər əvvəlki illərdə olduğu kimdir, dəyişməyib. Hər bir təşkilat özünə uyğun əməyin ödənilməsi sistemini seçir, amma onları yerli normativ-hüquqi aktlara uyğun rəsmiləşdirmək lazımdır. İşçilərin haqq-hesab sənədləri işəgötürən tərəfindən hazırlanır. Bu sənədlərdə əməkhaqqı, ona daxil olan ödənişlər, tutulmalar haqqında məlumatlar əks olunur. İşçi əməkhaqqı aldığı zaman sənədlərdə qeyd olunmuş ödəmə və tutulma məbləğləri, onların səbəbləri ilə tanış olmaq hüququna malikdir. Əməkhaqqının hesablanması işçinin vəzifə maaşına əsasən faktiki iş yerində aparılır. Əməkhaqqıdan tutulmalar qanunvericiliyə uyğun, habelə işçinin yazılı razılığı əsasında aparılır.

Əməkhaqqıdan tutulmaların tərkibi

Əmək Məcəlləsinin 175-ci maddəsinə görə əməkhaqqıdan aşağıdakı icbari tutulmalara yol verilir:

  • gəlir vergisi üzrə tutulma;
  • məcburi dövlət sosial sığorta haqqı;
  • işsizlikdən sığorta haqqı;
  • icbari tibbi sığorta haqqı.

Həmin maddəyə görə, həmçinin, digər əməkhaqqıdan tutulmalar da mümkündür:

  • icra sənədləri üzrə müəyyən edilən tutulmalar:
  • alimentlər;
  • kredit təşkilatına olan borclar;
  • sağlamlığa vurulmuş ziyanın ödənilməsi;
  • işçinin təqsiri üzündən işəgötürənə vuruluan ziyanın məbləği;
  • işçi iş ili bitənədək işdən çıxdığı halda işlənməmiş günlərə görə verilən məzuniyyət pulu;
  • işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin artıq qalan borc məbləği;
  • mühasibat tərəfindən səhvən artıq verilmiş məbləğlər;
  • təhtəlhesaba verilən və xərclənməyib vaxtında qaytarılmayan pulun məbləği;
  • kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilən məbləğ;
  • həmkarlar ittifaqına üzvlük haqqı.

 Gəlir vergisi üzrə tutulmalar

Əməkhaqqına görə icbari tutulmaları (gəlir vergisi üzrə əməkhaqqıdan tutulmalar istisna olmaqla) həm işçi, həm də işəgötürən tərəfindən ödənilir. Fiziki şəxslərin muzdlu işlə bağlı gəlirindən vergi Azərbaycan Respublikası Vergi Məcəlləsinin VII fəsli ilə tənzimlənir.

Gəlir vergisi birbaşa vergilərin əsas növüdür.

Əməkhaqqıdan tutulmaların tətbiqi zamanı nəzərə almaq lazımdır ki, gəlir vergisinə cəlb edilən muzdlu işçilərə tətbiq edilən güzəşt 2024-cü ildə də qüvvədədir, onları iki kateqoriyaya bölmək lazımdır (VM, maddə 101):

  • neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektorunda işləyən şəxslərdən 14% həcmində gəlir vergisi tutulur. Bu tutulma aylıq maaşı 2500 manata qədər olan şəxslərdə yaşayış minimumu çıxıldıqdan sonra yerinə yetirilir. Vəzifə maaşı 2500 manatdan çox olduqda isə 350, əlavə olaraq 2500 manatdan çox olan məbləğin 25%-i tutulur;
  • neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri dövlət sektorunda vəzifə maaşı 8000 manata qədər olan fiziki şəxslərdən vergi tutulmur. 8000 manatdan yuxarı əməkhaqqı alan şəxslərdən isə həmin məbləğdən çox olan hissənin 14%-i tutulur.

Əməkhaqqıdan tutulmalar zamanı vergiləri hesablayarkən Vergi Məcəlləsinin 102-ci maddəsi ilə müəyyən edilmiş azadolma və güzəştləri nəzərə almaq lazımdır, məsələn, aşağıdakı hallarda gəlir vergisi tutulmur:

  • işsizliyə, doğuşa görə dövlət müavinətləri;
  • pensiyalar;
  • uşaqlar üçün ödənişlər;
  • sağlamlığa dəyən zərərin ödənilməsi və s. 

Əməkhaqqıdan digər icbari tutulmalar

Məcburi dövlət sosial sığorta (MDSS) haqqı üzrə əməkhaqqıdan tutulmalar sığortaçıya sığortalanmaya görə verilən pul vəsaitidir. Sığorta haqqının hesablanması, tətbiq olunan güzəşt nəzərə alınmaqla 2024-cü ildə aşağıdakı qaydada aparılır:

  • Dövlət və neft-qaz sahəsində fəaliyyəti olan işçilər üçün sığorta haqqının dərəcəsi sığortaedən tərəfindən 22%, sığortaolunanın gəlirindən isə 3% müəyyən olunub.
  • Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri dövlət sektoruna aid vergi ödəyicilərinin işçilərinin əməkhaqlarından tutulmalar:

a) aylıq vəzifə maaşı 200 manata qədər olan halda sığorta haqqı:

  • sığortaedən üçün – 22 faiz;
  • sığortaolunanın gəlirindən – 3 faiz həddində müəyyən olunub.

b) əməkhaqqı 200 manatdan yuxarı olduqda isə:

  • sığortaedən – 44 manat + 200 manatdan yuxarı məbləğin 15 faizi;
  • sığortaolunan – 6 manat + 200 maanatdan yuxarı məbləğin 10 faizi məbləğində məcburi dövlət sığorta haqqı tutulur.

İşsizlikdən sığorta ödənişi sığorta hadisəsi baş verən halda sığortaolunana ödənilən pul vəsaiti hesab olunur. İşçsizlikdən sığorta üzrə tutulmalar həm sığorta olunan tərəfindən, həm də sığortaedənin vəsaiti hesabından 0.5 faiz hesablanır.

İcbari tibbi sığorta üzrə tutulma tibbi xidmətlərdən istifadə etmək üçün təminat verən ödəniş formasıdır. İcbari tibbi sığorta əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissədən 0,5 faiz tutulur.

Hesablamaya nümunələr

İşçi dövlət müəssisəsində işləyir. Onun aylıq əməkhaqqısı 1000 manatdır. Heç bir güzəşt və azadolması yoxdur. 2024-cü ildə əməkhaqqıdan tutulmalar aşağıdakı kimi olacaqdır.

Gəlir vergisi: 112 manat, (1000-200) x 14%;

DSMF ayırmaları: işçidən tutulma 30 manat (1000 x 3%),  işəgötürən tərəfindən ödəniş 220 manat (1000*22%);

İşsizlikdən sığorta haqqı: işçidən tutulma 5 manat (1000 x 0,5%), işəgötürən tərəfindən ödəniş  5 manat (1000 x 0,5%);

İcbari tibbi sığorta haqqı: işçidən tutulma  20 manat ( 1000 x 2%), işəgötürən tərəfindən ödəniş  20 manat (1000 x 2%);

NETT”əməkhaqqı:  833 manat, ( 1000-112-30- 5-20).

201 saylı “Material ehtiyatları” hesabı üzrə uçot

Print Friendly, PDF & Email