Əmlak vergisinin hesablanması və ödənilməsi

posted in: Xəbər | 0
birbank biznes

Əmlak vergisinin vergitutma bazası

Əmlak vergisinin hesablanması vergitutma bazası və vergi dərəcəsi əsasında aparılır. Fiziki şəxslər, fərdi sahibkarlar və müəssisələr üzrə vergi dərəcəsi fərqlənir. Sabit vergi məbləği və faizlə ifadə olunan dərəcələrlə tanış olmaq üçün buraya keçid edə bilərsiniz.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 12-ci maddəsində “vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsi” kimi şərh olunan vergitutma bazası isə əsas vergitutma elementlərindən biridir. Vergitutma bazası vergitutma obyektləri üzrə qanunvericiliyə uyğun sənədləşdirilən məlumatlar əsasında müəyyən olunur.

Əmlak vergisinin vergitutama obyekti AR VM-in 197-ci maddəsində şərh olunub. Vergi bazası rezident, qeyri-rezident fiziki şəxslər, fərdi sahibkarlar və müəssislər fərqli qaydada müəyyən olunub. Məcəllə əmlak vergisinin hesablanması zamanı fərdi sahibkarlar və müəssisələr fərq qoymur. Buna görə də məqalədə  “müəssisə” anlayışından istifadə ediləcək, amma bu zaman həm də fərdi sahibkarlar nəzərdə tutulacaq.

Fiziki şəxslərin əmlak vergisinin hesablanması

Belə hesablamalar zamanı fiziki şəxsin sahibkarlıqla məşğul olub-olmamasından asılı olmayaraq ilk növbədə vergitutma obyektinə diqqət etmək lazımdır. Nəzərə almaq lazımdır ki, bina, habelə hava, su nəqliyyat vasitələri üçün fiziki şəxsin əmlak vergisinin hesablanması bələdiyyələr tərəfindən aparılır. Hesablamalar əsasında vergi ödəyicisinə tədiyyə bildirişi təqdim edilir, müvafiq məbləğ bələdiyyə büdcəsinə ödənilir.

Qeyd edilənlər sahibkarlıqla məşğul olan fiziki şəxslərə də aiddir, habelə binaların sahibkarlıq fəaliyyəti məqsədi üçün istifadə edildiyi halları da əhatə edir.

Bina dedikdə qapalı həcm-fəza quruluşuna malik aşağıdakı xüsusiyyətlərə malik tikinti obyektləri başa düşülür:

  • insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması üçün nəzərdə tutulub;
  • insanlara sosial, mədəni və məişət xidmətləri göstərir;
  • istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün istifadə olunur.

Vergi Məcəlləsinin 198.1.1 maddəsinə görə yaşayış sahəsinə  30 kvadratmetrədək hissəyə görə vergi alınmır. Əmlak vergisi üzrə azadolmalar və güzəştlərin ətraflı təsviri buradadır. Binalar üzrə tətbiq edilən vergi dərəcələri aşağıdakı cədvəldə verilib:

Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri üzrə sabit əmlak vergisi vergi dərəcələri (manatla)

Bakı şəhərində yerləşən binalar üzrə hesablamalar zamanı bu dərəcələrə AR Nazirlər 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarı ilə müəyyən olunmuş zonalar üzrə 0,7-1,5 hədlərində əmsallar tətbiq edilir.

Nümunə 1: Fiziki şəxsin xüsusi mülkiyyətindəki Zərdab şəhərində yerləşən mənzilin yaşayış sahəsi 140 kv.m2-dir. Həmin şəxsin illik əmlak vergisinin məbləği (140-30) x 0,2 = 22 manat olacaq.

Su və hava nəqliyyatı vasitələri üçün əmlak vergisinin hesablanması zamanı mühərrikinin 1 kub santimetri üçün 0,02 manat, mühərrik olmadıqda isə – onların bazar qiymətinin 1 %-i olmaqla vergi dərəcəsi tətbiq olunur.

Nümunə 2: Fiziki şəxsin mülkiyyətindəki motorlu katerin mühərrikinin həcmi 800 kub santimetr, avarlı qayığın bazar qiyməti 8.000 manatdır. Əmlak vergisini hesablanması belə olacaq (manatla).

motorlu katerə görə 800 x 0,02 = 16;

avarlı qayığa görə 8.000 x 1% = 80.

Fiziki şəxslər üzrə hesablamalar haqqında burada daha ətraflı şərh olunub.

Müəssisələrin əmlak vergisinin hesablanması

Fərdi sahibkarların və müəssisələrin əmlak vergisi onların balansındakı əsas vəsaitlərin Məcəllənin 202-ci maddəsinə uyğun hesablanmış orta illik qalıq dəyərinin 1 faizi kimi hesablanır və dövlət büdcəsinə ödənilir.

 Fərdi sahibkarların və müəssisələrin əmlak vergisinin hesablanması üçün əmlakın orta illik qalıq dəyərini vergi dərəcəsinə (1%) vurmaq lazımdır.

Hesablamalar zamanı vergi ödəyicisinin il ərzində fəaliyyət müddətindən asılı olaraq əmlakın orta illik qalıq dəyərinin müəyyən edilməsinin  üç qaydası tətbiq olunur, yəni vergi ödəyicisi:

  1. əvvəlki ildən ödəyici olduqda;
  2. hesabat ilində ödəyici olduqda;
  3. hesabat ilində ödəyici olmaqdan çıxdıqda.

Birinci hal üçün hesablamaya nümunədə nəzər salaq.

Nümunə 3: Müəssisənin əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə qalıq dəyəri 140000, hesabat ilinin sonuna isə 130000 manat olub. Müəssisənin əmlak vergisi üzrə hesablama  belə olacaq:

Əsas vəsaitlərinin orta illik qalıq dəyəri: (140.000+130.000)/2=135.000 manat

Əmlak vergisi: 135000*1%=1350 manat

Fərdi sahibkarların və müəssisələrin əmlak vergisinin hesablanması qaydaları üzrə daha çox nümunə ilə buradan tanış olmaq olar. Azadolmalar və güzəştlər Vergi Məcəlləsinin 199-cu maddəsində şərh olunub. Həmin güzəştlər haqqında buradan da məlumat ala bilərsiniz.

Əmlak vergisinin ödənilməsi

Hüquqi və fiziki şəxslərin əmlak vergisi ödənişləri cari vergi ödəmələri formasında həyata keçirilir. Fərdi sahibkarlar və müəssisələr üçün cari ödəmələr təqvim ili ərzində 4 dəfə, fiziki şəxslər üçün isə 2 dəfə həyata keçirilir.

Əmlak vergisinin hesablanması və ödənilməsi zamanı cari vergi ödənişlərindən istifadə qaydası haqqında “Hüquqi və fiziki şəxslərin əmlak vergisi ödəmələri”  məqaləmizdən daha geniş məlumat almaq olar.


Print Friendly, PDF & Email