İşğaldan azad edilmiş ərazilərdə əməkhaqqı
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın təmin edilməsi bu gün ən vacib məsələlərdəndir. Onun həlli üçün maliyyə və əmək resurslarının səmərəli idarəçiliyi, emal sənayesinin, xidmət sektorunun formalaşması vacibdir. Bu məqsədlə vergi, sosial sığorta üzrə güzəştlərin, işğaldan azad olunmuş ərazilərdə çalışan işçilərə əməkhaqqının hesablanması üzrə yeni yanaşmaların tətbiqi önəmlidir.
Amma, öncə işlədiyi sahədən, ərazidən asılı olmayaraq hesablama prosesində istifadə edilən bəzi anlayışlarla tanış olaq.
- “Əməkhaqqı” anlayışını Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.34 maddəsi muzdlu işləyən şəxsin işəgötürənə göstərdiyi xidmətlərin haqqı kimi müəyyən edir.
AR VM 13.2.34: “Muzdlu iş – əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əməkhaqqı» adlandırılır.” |
Əməkhaqqıdan tutulmalar Əmək Məcəlləsinin 175-ci maddəsi ilə tənzimlənir. Əməkhaqqının hesablanması zaman nəzərə alınan tutulmalar bunlardır:
- Məcburi dövlət sosial sığorta haqqı – “Sosial sığorta haqqında” AR qanunu, 14.3-maddəsi, habelə işğaldan azad olunmuş ərazilərdə çalışan işçilərə əməkhaqqının hesablanması üzrə dövlət büdcəsi hesabına subsidiyalaşdırmanı müəyyən edən 14.1.1 maddəsi;
- İşsizlikdən sığorta haqqı – “İşsizlikdən sığorta haqqında” AR Qanunu, maddə 9;
- İcbari tibbi sığorta üzrə – “Tibbi sığorta haqqında” AR Qanunu, maddə 15-10.1;
- Vergilər – Məcəllənin 98, 101-102-ci maddələri muzdlu işdən gəliri, vergi tutumlarının dərəcələrini, azadolma və güzəştlər tətbiq edilməklə.
Qeyd edək ki, fiziki şəxslərin vergiyə cəlb edilməsi zamanı Vergi Məcəlləsinə əlavə edilmiş və 2023-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmiş 226-229-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Bu güzəştlər işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və fəaliyyəti qanunvericilikdə müəyyən edilmiş tələbləri ödəyən sahibkar fiziki şəxslərə (fərdi sahibkarlar), habelə hüquqi şəxslərdən dividend gəlirləri əldə edən fiziki şəxslərə aiddir. Güzəştlərin əhatə müddəti 2023-cü ilin yanvar ayının 1-dən başlamaqla 10 ildir.
Məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
Yuxarıda qeyd olunduğu kimi, “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilərək, işğaldan azad olunmuş ərazilərdə çalışan işçilərə əməkhaqqının hesablanması zamanı sığorta ödənişlərinə görə dövlət büdcəsi hesabına subsidiyalaşdırma qaydaları müəyyən edilib. Belə ki, qeyri-dövlət sektorunda işəgötürən tərəfindən işçilər üçün ödənilən məcburi dövlət sosial sığorta haqqı 2023-cü ilin yanvar ayının birindən etibarən 10 il müddətinə əvəzsiz maliyyə vəsaiti formasında, dövlət büdcəsi hesabına kompensasiya edilir:
- 01.2023-cü ildən 01.01.2026-cı ilədək – 100 faiz;
- 01.2026-cü ildən 01.01.2029-cu ilədək – 80 faiz;
- 01.2029-cü ildən 01.01.2031-ci ilədək – 60 faiz;
- 01.2031-cü ildən 01.01.2033-cü ilədək – 40 faiz.
Nümunə: 01.01.2026-cı ildən tətbiq olunacaq mexanizmə əsasən işçiyə əməkhaqqının hesablanması zamanı tutulan sosial sığortanın 80 faizinə güzəşt olunacaq. Yəni işçiyə hesablanmış 70 manat məcburi sosial sığorta haqqının yalnız 20 faizi ödəniləcək (14 manat), yerdə qalan məbləğ (56 manat) isə işəgötürənin sərəncamında qalacaq. |
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar (fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri və sair) tərəfindən ödənilən sosial sığorta haqları isə 10 il müddətində tam olaraq dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Azadolmalarının tətbiq edilmədiyi fəaliyyətlər və əməliyyatlar
Qeyd edilən güzəşt və azadolmalar işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə görə (əməliyyatlar üzrə) aşağıdakı hallarda tətbiq edilmir:.
- VM-nin 13.2.14-cü maddəsinin əhatə etdiyi maliyyə xidmətləri sahəsində (maliyyə, bank, sığorta və digər maliyyə qurumları) fəaliyyət;
- avtonəqliyyat vasitələri ilə yük daşımalar;
- dövlət büdcəsinin vəsaitləri hesabına podratçı tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna təşkil edir).
Nümunə: Vergi ödəyicisi işğaldan azad olunmuş ərazidə təhsil müəssisəsi tikir. Tikinti dövlət büdcəsindən maliyyələşir. Bu zaman həmin şəxsə azadolmalar tətbiq edilməyəcək. |
Əmək Məcəlləsi üzrə dəyişikliklər
İşğaldan azad olunmuş ərazilərdə çalışan işçilərə əməkhaqqının hesablanması zamanı Əmək Məcəlləsinə edilmiş dəyişikliklərə də diqqət etmək lazımdır. Belə ki, Məcəlləyə müəyyən dəyişikliklər edilərək “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə olunub (ƏM, maddə 3, bənd 2-1). Belə mütəxəssislərə həmin ərazilərdə əmək müqaviləsi ilə işləyən, son 60 ay ərzində 24 ay əmək stajına malik olan ali, peşə və ya orta ixtisas təhsilli şəxslər aid edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əməkhaqqının hesablanması zamanı tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilib.
Həmin ərazilərdə məskunlaşaraq işləyən işçilərin əmək müqaviləsi olmalıdır və onlara aşağıdakı güzəştlər tətbiq olunur:
- hər il 5 gün əlavə məzuniyyət;
- aylıq vəzifə maaşına əlavələr;
- 600 manat birdəfəlik müavinət.
Həmçinin, xaricdən gələn işçi qüvvələri üçün də iş icazələrinin verilməsi sahəsində müəyyən güzəştlər nəzərdə tutulur. Əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotası 5 il ərzində tətbiq olunmayacaq.