Ehtiyatlar və onların təsnifatı

posted in: Xəbər | 0
birbank biznes

Aktivlər

Aktivlər barədə danışarkən, onları iki qrupa ayırmışdıq:

  • fiziki olaraq mövcud olanlar (məsələn, mal, nağd pul, avadanlıq);
  • fiziki olaraq mövcud olmayanlar (məsələn, debitor borc, verilmiş avans).

Mühasib üçün bunlar şirkətin sahib olduqları və onların köməyi ilə qazandıqlarıdır. Fiziki mövcud olan aktivlərin çeşidi genişdir, onları 3 qrupa ayırmaq olar:

  1. Əsas vəsaitlər;
  2. Nağd pul vəsaitləri və onların ekvivalenti;
  3. Ehtiyatlar.

Əsas vəsaitlər həm də torpaq, tikili və avadanlıqlar adlandırılır. Əgər sizdə “Niyə?” sualı yaransa, cavab üçün buraya keçid etmək olar.

Nağd pul vəsaitləri mübadilə vasitəsi kimi insan sivilizasiyasının inkişafı ilə paralel təşəkkül tapıb. Bu gün qeyri-nağd pul vəsaitlərindən də geniş istifadə olunur.

Bəs ehtiyatlar nədir? 

Azərbaycan dilində “ehtiyat” sözünün iki mənası var: kimdənsə, nədənsə ehtiyat etmək və tədarük edilmiş, saxlanmış nəsə. Bizə sözün ikinci mənası maraqlıdır. Bu ingilis dilindən bildiyiniz, aşağıdakıları ifadə edən “inventary” anlayışı ilə qismən oxşardır.

  • müəyyən bir yerdə, anbarda olan mallar;
  • mövcud olan bütün əşyaların ətraflı siyahısı;
  • belə bir siyahının tərtib edilməsi və ya yenilənməsi prosesi;
  • resursların, əşyaların mövcudluğunun yoxlanılması, inventarizasiya.
Ehtiyatlar dedikdə fiziki olaraq mövcud olan və müəssisənin fəaliyyəti zamanı satılmaq, malların (işlərin, xidmətlərin) satışı zamanı istifadə edilmək, hazır məhsula çevrilmək, emal edilmək üçün alınmış və ya istehsal edilmiş bütün maddi aktivlər nəzərdə tutulur.

2 saylı Mühasibat Uçotunun Beynəlxalq Standartı (IAS2) ehtiyatlara aşağıdakılar aid edir:

  • müəssisənin işinin normal gedişatı zamanı satış məqsədilə saxlanılanlar;
  • satış üçün istehsal prosesində hazırlanmaqda olanlar;
  • istehsal və ya xidmətlərin göstərilməsi prosesində sərf edilən xammal və materiallar formasında çıxış edənlər.

Bir az da sadə ifadə etməyə çalışsaq, ehtiyatlar mənfəət məqsədi ilə bazarda satmaq üçün biznesin sahib olduğu bütün əşyalar, mallar, istehsal edilmiş əmtəələr, istehsalda istifadə edilən materiallardır.

Hansı aktivlər ehtiyatlara aiddir?

Ehtiyatlara aşağıdakıları nümunə göstərmək olar:

  • pərakəndə satıcı tərəfindən alınmış və təkrar satış üçün nəzərdə tutulmuş əmtəələr, mallar;
  • təkrar satış üçün nəzərdə tutulmuş torpaq;
  • digər mülkiyyət kimi təkrar satış məqsədilə əldə edilmiş və saxlanılan mallar.

Aktivlərin bu qrupuna müəssisə tərəfindən istehsal edilmiş hazır məhsul yaxud bitməmiş istehsal, həmçinin istehsal prosesində istifadə olunmaq üçün saxlanılan xammal və materiallar da daxildir.

Məsələn, qəzet satanın satdığı qəzetlər ehtiyatdır. Yaxud biskvit istehsalçısı üçün ehtiyatlar satışa hazır qablaşdırılmış peçenye, hələ soyudulmamış və ya qablaşdırılmamış yarımfabrikat biskvitlər, keyfiyyətin yoxlanılması üçün ayrılmış peçenyeləri, şəkər, süd, un kimi xammallardır.

Mühasibat baxımından ehtiyatlar cari aktivlərdir və istehsalın müxtəlif mərhələlərində olan bütün ehtiyatlara aiddir. Ehtiyat yaratmaqla həm pərakəndə satıcılar, həm də istehsalçılar mal satışının yaxud istehsalın fasiləsizliyini təmin edirlər. Əksər şirkətlər üçün ehtiyatlar balansın əsas aktividir, lakin ehtiyatların hədsiz çoxluğu biznes prosesdə praktiki çatışmazlıqla bağlı ola bilər.

Ehtiyatların hansı növləri var?

Ümumi anlamda ehtiyatlar aşağıdakıları əhatə edir:

  • material ehtiyatları;
  • bitməmiş istehsal;
  • hazır məhsul;
  • mallar.

Material ehtiyatları məhsul istehsalında formasını, tərkibini, vəziyyətini dəyişən, satış təyinatlı malların yığılması yaxud istehsalında iştirak edən aktivlərdir. Xammal, materiallar, alınmış yarımfabrikat və komplektləşdirici hissələr, yanacaq, qablaşdırma materialları, ehtiyat hissələri, istehsalatda və ya işlərin və xidmətlərin görülməsində istifadə üçün nəzərdə tutulmuş digər material ehtiyatları bu qrupa aiddir.

Bitməmiş istehsal, sadə dillə desək, müəssisənin tam istehsal dövrü hələ başa çatmamış işlərin, malların, məhsulların, xidmətlərin istehsalı üçün çəkdiyi xərcləri əhatə edir.

Hazır məhsullar emal prosesini tam keçmiş, qüvvədə olan standartlara uyğun gələn, müəssisənin yaxud alıcının anbarına qəbul edilən məhsul və yarımfabrikatlardır.

Mallar, müəssisə tərəfindən istehsal edilməyən, sonrakı satış üçün digər hüquqi və fiziki şəxslərdən alınan ehtiyatlardır.

Ehtiyatlar üzrə uçot hesabları

Mühasibatlıqda ehtiyatların daha dəqiq və detallı bölgüsündən istifadə edilir. Mühasibat uçotunun hesablar planına uyğun qruplaşan məlumatlar maliyyə hesabatının 2-ci bölməsinin 20-ci maddəsində, “Ehtiyatlar” adı altında əks etdirilir. Aşağıdakı cədvəldə hesablar planının bir hissəsi verilib. Burada ehtiyatların uçotu üzrə mühasibat hesablarının bölgüsü təsvir olunub.Mühasibat uçotunun hesablar planının uçot hesabları. Maliyyə hesabatının 2-ci bölməsinin 20-ci maddəsi, “Ehtiyatlar” bölməsi

Əsas vəsaitlərdən fərqli olaraq ehtiyatlar mühasibat uçotu subyektlərinin qısamüddətli aktivləri hesab olunurlar.  Aktiv olduqları üçün onların artımı zamanı debet yazılışları, azalma zamanı isə kredit yazılışlar aparılır.Ehtiyatlar üzrə əməliyyatların uçotu

Ehtiyatların təsnifatında, mühasibat uçotu hesabları üzrə qruplaşmasında çətin anlaşılan heç nə yoxdur. Göründüyü kimi, onların bir qismi satış üçün alınıb, digər qismi isə istehlak edib tükətmək üçün, başqa qismindən isə yeni məhsul hazırlayanda istifadə olunur. Təbii ki, baxmayaraq onların hamısı aktivimizdir, hamısına aktivlər desək də, təfərrüatlı bilmək, onları dəqiq fərqləndirmək, öz xüsusiyyət və təyinatlarına uyğun uçota almaq üçün hər birinə ayrıca ad verib, hesab açılır.

Gəlir vergisinin vergitutma obyekti

Print Friendly, PDF & Email