Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi

posted in: Xəbər | 0
birbank biznes

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət

Sığorta hadisəsi baş verdikdə sığortaolunanlar tərəfindən itirilmiş qazancın qarşılanması üçün onlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir. Sığorta hadisəsi, sosial sığorta və müavinətlər haqqında buradan ətraflı oxumaq olar. Respublikamızda sosial sığorta Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” qanunu ilə tənzimlənir.

Sosial sığorta hadisəsi zamanı işçiyə qanunvericilikdə təsbit edilmiş qaydada və məbləğdə sosial müavinət ödənilir. Müavinət AR Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamə əsasında verilir. Xəstəlik yaxud başqa səbəblərdən itirilmiş qazanca görə işçiyə ödənilən kompensasiya olan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda təyin edilə bilər:

  • istehsalatda bədbəxt hadisələr zamanı;
  • hamiləliyə və doğuşa görə;
  • xəstə ailə üzvlərinə qulluq məqsədilə;
  • vərəm, peşə xəstəlikləri zamanı və sair.

Müavinət verilməsi üçün əsas xəstəlik vərəqidir.

Müavinətin təyin edilməsi

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinətin təyin olunması və verilməsi AR Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Əsasnaməsinə uyğun aparılır. Bu müavinət işçinin əmək kitabçasının olduğu iş yeri üzrə, müdiriyyətin müavinət təyin edən komissiyası, yaxud komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyini üçün:

  • işçi, xəstəlik müddəti başa çatdıqdan sonra, işə çıxdığı gün xəstəlik vərəqələrini müdiriyyətə təqdim edir.
  • müdiriyyət xəstəlik vərəqəsində uyğun qeydləri aparmaqla onu müavinəti təyin edən komissiyaya verir.

Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət yuxarıda qeyd edilən Əsasnaməyə uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun qurumları tərəfindən təyin olunur.

 Xəstəlik vərəqələri müavinətin təyin edilməsi üçün əsas sənəddir, başqa sənədlər əsasında müavinət verilə bilməz.

 Müavinətin iş yerində verilməsi

Müavinət təyin edildikdən sonra, müdiriyyətin müavinət təyin edən komissiyası (komissiyanın səlahiyyətli üzvü), xəstəlik vərəqələrini müəssisənin mühasibatlığına təqdim edir. Xəstəlik vərəqələri (o cümlədən, ödənişə qəbul edilməyənlər) müavinət təyin edilməsi protokolunda imza olunmaqla təhvil verilir.

Mühasibatlıqda işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması aparıldıqdan sonra, müavinət məbləğinin verilməsi istiqamətində işlər həyata keçirilir.

Müddətin ilk 14 təqvim günü üçün hesablanmış müavinət məbləği birbaşa işçinin iş yerində sığortaedənin vəsaiti hesabına ödənilir.

Müddəti 14 təqvim günündən çox olduqda yuxarıda qeyd edilən Əsasnamə ilə müəyyən edilmiş qaydada Dövlət Sosial Müdafiə Fondu orqanına müraciət edilir və dövlət sosial sığorta haqqı hesabına ödəniş həyata keçirilir.

Sığortaedən təqsirli hesab edildiyi halda istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanır və sığortaedənin vəsaiti hesabına ödənilir.

Müavinətin verilməsi üçün müraciət

Pul sənədləri ilə birgə müavinətin təyin edilməsi və verilməsi ilə bağlı aşağıdakı sənədlər müəssisənin mühasibatlığında saxlanılır:

  • ödənilmiş və ödənişə aid edilməyən xəstəlik vərəqələri;
  • arayış və aktlar;
  • yollayışların geri qayıtma talonları və s.

Xəstəlik vərəqələri bütün başqa pul məxaric sənədlərindən ayrı saxlanılır.

Sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən Dövlət Sosial Müdafiə fondunun müvafiq qurumlarına Əsasnamə ilə müəyyən edilmiş qaydada müraciət etməlidir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə

Müavinətin məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilməsi üçün xəstəlik vərəqəsi müəssisəyə təqdim edildiyi aydan sonrakı ayın 5-dək sığortaedən tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına uyğun qaydada hazırlanmış məktub təqdim edir. Məktuba aşağıdakı sənəd və məlumatlar əlavə edilir:

  • müavinəti təyin edən komissiyanın protokolunun surəti;
  • müavinət alan şəxslərin bank rekvizitləri (yaxud poçt ünvanı-faktiki yaşayış ünvanı);
  • əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin alınması üçün xəstəlik vərəqələrinin surəti.

Təqdim edilmiş sənədlər DSMF orqanı tərəfindən 5 iş günü ərzində araşdırılır və ödənişi həyata keçirilir. Bu zaman Dövlət Sosial Müdafiə Fondu orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır. Qeyd edilmiş sənədlərlə birgə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əlavə olunmuş formada haqq-hesab təqdim edilməlidir.

Müavinət alan şəxs müəssisə tərəfindən onun bank rekvizitlərinin və ya poçt ünvanının (faktiki yaşayış ünvanı) düzgün göstərilməməsi səbəbindən müavinəti ala bilmədikdə, qaytarılması mümkün olmayan səhv düşmüş müavinət təqsirkar müəssisənin vəsaiti hesabına ödənilir. Bu halda həmin müəssisə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Sığortaolunanın öldüyü günədək almadığı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə müavinət:

  • mərhumla birgə yaşayan ailə üzvünə, habelə,
  • əmək qabiliyyətini itirmə nəticəsində ölənin himayəsində olan şəxsə verilir.

Şəxsin ölənlə qohumluğu, onunla yaşaması, yaxud onun himayəsində olması uyğun sənədlərlə təsdiq edilməlidir.

Himayədə olan şəxslər

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində ölənin himayəsində olanlar bu şəxslərə aid edilir:

  • öləndən əvvəllər hər ay aliment almış şəxslər;
  • onun əməkhaqqından müəyyən edilmiş məbləği alan şəxs.

Himayədə olmanı icra vərəqəsi və yaxud da ölən şəxsin əməkhaqqısından himayədə olanın xeyrinə müəyyən məbləğdə tutulmalar barəsində müəssisənin mühasibatlığında olan ölən şəxsin ərizəsi təsdiq edə bilər. DSMF orqanına bu haqda məlumat verilir.

Belə hallarda ödənilməli olan müavinətin məbləğindən:

  • alimentin məbləği və yaxud;
  • aylıq köçürmənin müəyyən olunmuş məbləği çıxılır.

Bundan sonra yerdə qalan müavinətin məbləği ölən şəxsin ailə üzvlərinə verilir.

Vəfat etmiş sığortaolunanın öldüyü günədək almadığı müavinəti vərəsələrin almaq hüququ vardır.

Tutulmalar

Artıq verilmiş müavinət məbləği müavinəti vermiş Dövlət Sosial Müdafiə Fondu orqanının müraciətinə əsasən sığortaedən tərəfindən tutulur.

Hər belə halda tutulan məbləğ sığortaolunanın əməkhaqqısının 20 faizindən çox olmamalı, geri qaytarılmalı məbləğ, sığortaolunana çatmalı olan vəsaitin 20 faizindən çox olmayaraq çıxılmalıdır. Artıq ödənilmiş məbləğin tutulması müəssisənin mühasibatlığı tərəfindən müavinət təyin edən komissiyanın qərarı əsasında həyata keçirilir və DSMF orqanlarının hesabına köçürülür.

Sığortaolunan həmin müəssisədə işləmədiyi halda, artıq verilmiş məbləğ könüllü yaxud məhkəmə vasitəsi ilə geri qaytarılır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərdən məhkəmənin qərarı ilə ailə başçısının:

  • şikəst olması;
  • səhhətinin başqa cür korlanması;
  • ölümünə səbəb olan zərərin ödənilmiş məbləği tutula bilər.

Aliment də bu kateqoriyadır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar ödənilən müavinətlər fiziki şəxslərin gəlir vergisinə cəlb olunur (VM maddə 102.1.4).

Torpaq, tikili və avadanlıqların istismara verilməsi

Print Friendly, PDF & Email