Əməkhaqqı cədvəli necə tərtib olunur

posted in: Xəbər | 0
birbank biznes

Əməkhaqqı anlayışı

Əməkhaqqının hesablanması və ödənilməsi üçün vergi ödəyicisinin tərtib etdiyi əməkhaqqı cədvəli işçilərə əməkhaqqı üzrə ödəmələri, habelə ondan tutulmaları əks etdirən yekun maliyyə hesabatlarıdır. Mühasibat uçotunda əməkhaqqı işçilərə müəyyən müddət ərzində göstərilmiş xidmətlərə görə ödənilən məbləğ (muzdlu işlə bağlı tarif (vəzifə) maaşı, mükafatlar, digər ödəmələr) hesab olunur. O, bir çox səbəblərdən vergi ödəyiciləri üçün mühüm rol oynayır.

Vergi uçotu məqsədləri üçün “əməkhaqqı” anlayışı Azərbaycan Respublikası Vergi Məcəlləsində  şərh olunub:

AR VM 13.2.34: “Muzdlu iş – əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əməkhaqqı» adlandırılır.”

İşçilər üçün maaş cədvəlini tərtib edən mühasib bir çox ilkin sənədlərlə işləyir. İşçilərlə hesablaşmalar üzrə ən vacib sənəd olan əməkhaqqının hesablanması və ödənilməsi cədvəlində olan kiçik səhv, əhəmiyyətli cərimələrlə nəticələnə bilər.

Muzdlu işlə bağlı haqqın sənədləşdirilməsi

İstənilən mühasibat əməliyyatının qeydiyyatı prosesi ilkin sənədlər əsasında aparılır. Əməkhaqqı cədvəli belə sənədlərdən biridir. Proses zamanı habelə aşağıdakı sənədlərdən istifadə edilir:

  • iş vaxtının uçot cədvəli (tabel);
  • ştat cədvəli;
  • əməkhaqqının hesablanması cədvəli;
  • ödəniş cədvəli;
  • müxtəlif ixtisaslaşdırılmış hesablamalarla bağlı əməkhaqqı cədvəlləri (maaşların müəyyən kateqoriyasının ayrıca hesablanması, məzuniyyət haqqı, orta gündəlik qazanc əsasında ezamiyyət günləri üçün əməkhaqqının ödənilməsi, mükafatların hesablanması və s.);

Bütün bu cədvəllər işçi heyəti ilə hesablaşmalar zamanı istifadə olunan standart ilkin sənədləri təmsil edir.

Əməkhaqqı cədvəlinin əsas elementləri

Cədvəl fiziki şəxsin muzdlu işlə bağlı bütün ödənişlərin, onla əlaqəli tutulmaların hesablanması prosesində istifadə edilən əsas sənəddir, işçiyə hesablanmış tarif (vəzifə) maaşı, mükafatlar, məzuniyyət və digər ödənişlər üçün hesablanmış məbləğlərin xülasəsidir. Bu sənəd aşağıdakı əsas elementlərdən ibarətdir:

  • sənədin adı: “əməkhaqqının hesablanması cədvəli”;
  • cədvəli tərtib edən müəssisənin adı;
  • hesablamanın aid olduğu dövr (ay), habelə tərtib olunma tarixi;
  • maliyyə əməliyyatlarının məzmunu, əhatə dairəsi: əməkhaqqının bütün komponentləri, onunla bağlı bütün tutulmalar, ödənişlər;
  • əməliyyatın ölçü vahidi (manat);
  • maliyyə əməliyyatının icrasına, onun düzgünlüyünə cavabdeh şəxslərin adı, vəzifələri: mühasib, baş mühasib, menecer, fərdi sahibkar yaxud onun uçotunu aparan şəxs;
  • maliyyə əməliyyatında iştirak edən şəxslərin imzaları, habelə digər eyniləşdirmə məlumatları.

Cədvəl forması hansı məlumatları əks etdirməlidir?

Əməkhaqqı cədvəli vergi ödəyicisinin muzdlu işlə bağlı təsərrüfat əməliyyatlarının məzmununu açıqlamalıdır. Sütunların ənənəvi tərtibatında solda əməkhaqqının hesablanması üzrə məbləğlər – ümumi əməkhaqqı, sağda isə ondan tutulmalar əks olunur.

Yeri gəlmişkən: “Ümumi əməkhaqqı “GROSS” – işçinin hər hansı vergi yaxud ayırmalardan əvvəl qazandığı pulun ümumi məbləğidir. Buraya müntəzəm saatlıq taarif (vəzifə) maaşı, həmçinin əlavə işə görə haqq, bonuslar yaxud komissiyalar, digər gəlir mənbələri daxildir. Ümumi əməkhaqqı işçinin qazandığı ümumi gəlirdir.”

Diqqət etmək lazımdır ki, vəzifə maaşı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum əməkhaqqıdan (2024-ci il üçün 345 manat) az olmasın.

AR ƏM 155.2: “Minimum əməkhaqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ.”

Ümumi əməkhaqqının hesablanması zamanı istifadə edilən məbləğlər barədə buradan oxumaq olar.

Əməkhaqqıdan tutulmalar üzrə məbləğlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsi ilə tənzimlənir. Əməkhaqqı cədvəlinə tutulmalar üzrə məbləğlər aşağıdakı hallar üzrə daxil edilə bilər:

  • vergi, sosial sığorta, habelə digər icbari ödənişlər üçün;
  • işçinin yazılı razılığı olduqda;
  • məhkəmənin qərarı ilə müvafiq icra sənədləri əsasında;
  • AR ƏM, maddə 175.2-də sadalanan digər hallarda.

Hər bir tutulan məbləğ ayrıca qrafa üzrə daxil edilir. Tutulan məbləğlər haqqında buradan daha ətraflı oxumaq mümkündür.

Təbii ki, işçilərin soyadları, adı, atalarının adları (SAA) əməkhaqqı cədvəlində göstərilir, eyni zamanda onların şəxsi tabel nömrələrini bir sütun üzrə göstərmək də məsləhətdir. Belə ki, bu:

  • sənədi iş vaxtının uçot cədvəli ilə əlaqələndirir;
  • işçilərin eyni SAA-ya görə təsadüfləri aradan qaldırır (həyatda hər şey ola bilər).

Qeyd edək ki, əməkhaqqının hesablanması cədvəli vergi hesabatları (bəyannamələrin) hazırlanması üçün əsas ilkin uçot sənədidir.

Əməkhaqqının ödəniş cədvəli

İşçiyə muzdlu işlə bağlı hesablanmış haqların ödənilməsi faktını aşağıdakı sənədlər təsdiqləyir:

  • ödəniş nağd şəkildə aparıldıqda – əməkhaqqının ödəmə cədvəli;
  • ödəniş nağdsız qaydada bank vasitəsilə həyata keçirildikdə – bankla şirkət arasında bağlanmış xidmət müqaviləsinə uyğun olaraq bank tərəfindən verilən ödəniş cədvəli.

İşçi sayı nisbətən az olan vergi ödəyicilərində kombinə edilmiş əməkhaqqı cədvəlindən – əməkhaqqının hesablama – ödəmə cədvəlindən istifadə edilir.

Hesablamalar və tutulmalar arasındakı fərq “Ödəniləcək məbləğ” qrafasında əks etdirilir. İşçilər onlara ödəniləcək məbləğin alınması faktını “İmza” bölməsində imza atmaqla təsdiq edirlər. Əməkhaqqı bank vasitəsi ilə ödənilərsə, “İmza” bölməsində “Bank kartına köçürülüb” qeyd olunur.

Yeri gəlmkişkən: “ Ödəniləcək məbləğ yaxud xalis əməkhaqqı “NETT” – bütün vergi və sığorta ödənişləri ümumi əməkhaqqından çıxıldıqdan sonra qalan xalis əməkhaqqıdır. Bu, işçiyə verilən faktiki əməkhaqqı məbləğidir.”

Hesablama-ödəniş işçilərin şəxsi hesab vərəqələri olduqda 3 il, olmadıqda isə 75 il müəyyən edilib.

Əməkhaqqı cədvəlinin tövsiyə edilən nümunəvi formasını buradan yükləmək olar. Forma mütləq deyil, qanunvericiliyə uyğun dəyişiklik etmək mümkündür.

Torpaq, tikili və avadanlıqlara amortizasiya hesablanması metodları

Print Friendly, PDF & Email